Sözündə qəti, işində mübariz, qərarında prinsipial xeyirxah insan…

0
57
ramiz-goyusov-bineqedi

Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” kitabı və onun nümunəvi məmur-vətəndaş şəxsiyyəti haqqında mülahizələr

Demək, hər sahədə bir çox xarakterik xüsusiyyətlərlə bərabər təbə, poetik istedada da böyük ehtiyac var. İstər tarixçi, filoloq, psixoloq, istərsə fizik və riyaziyyatçı, istərsə də burokratik aparat işçisi olsun, mütləq onun təbi olmalıdır. Həqiqi yaradıcı insanlar dəyərli, dərin elmi sözə, fikirə, rabitəli məntiqi nitqə malik olmalıdır. İctimai publisistika sahəsində özünəməxsus təcrübəsi olan RAMİZ GÖYÜŞOV peşəkar aparat işçisi olmaqla bahəm, həm də bədii təbli, poetik duyumlu incə lirizmə məxsus ziyalıdır. Özü demişkən, yorulanda, narahat olanda, ruhu qəlbinə hakim kəsiləndə bədiiyyata varır. Bu onun mənəvi dünyasını zənginləşdirir, pak və ülvi müdrikliyinə söykənir. Bir növ yorğunluğu canından çıxır. Doğrudan da bədii aləm ilahi möcüzəsindən yoğrulmuş behişt ətirli, ana südü kimi təmiz, əsrarəngiz göylər kimi hüdudsuzdur. O, publisistik əsərlərində poetik cümlələri misralar kimi sanki mirvari tək ipə-sapa düzür, mənalandırır. Sözun poetik yükü ağırdır, sanballıdır. Hər sözün və misranın məna yükü, poetik qayəsi, fəlsəfi dərinliyi var. İdarəetmə sahəsində gərgin işi bədiyyatla birləşdirəndə adam ömrün ötən anlarına heyfslənmir. Müxtəlif yönümlü söhbətlərimiz bizi həmişə bir-birimizə yaxın saxlamışdır. Ucaboylu, gülərüz, söhbətçil bu adam olduqca xeyirxah, ürəyi yumşaq, həssas, diqqətlidi, özünü və başqalarını qiymətləndirməyi bacarandı. Sözündə qətilik, işində mübarizlik, qərarında prinsipiallıq onun xarakter keyfiyyətidi. O, çətin anlarda insanların əlindən tutur… Bütün hallarda insani keyfiyyətləri başqalarına təlqin etməyi bacarır. Özü haqqı, ədaləti sevən, insanlara sədaqətli olduğundan bu ruhu başqalarından da tələb edəndi. Təmənnasızlıq, Allah rizasına iş görməyi hər şeydən üstün tutmaq, nahaq sözə, yaramaz hərəkətə qarşı amansızlıq Ramiz müəllimin həyat devizidi. İti müşahidə qabiliyyəti, analitik və məntiqi təfəkkürü, faktları ümumiləşdirmə bacarığı, intuisiyası Ramiz müəllimi çoxlarından fərqləndirir. Onun ədəbi-publisistik məqalələri buna sübutdur. Bu baxımdan onun fikirlərindəki orjinallıq hamılıqla bəyənilir… Ramiz müəllimin tədqiqatçılığı və məmurluğu bir-birini uğurla tamamladığına görə o, həmişə yazılarında, çıxışlarında və mühazirələrində eyni səviyyədə uğurludur. Onun ərazi-idarəetmə sahəsində və rəhbər-partiya işində, eləcə də publisistik fəaliyyəti ilə əməli işi arasında daimi vəhdət vardır. O, yazı masası arxasında yaratdığı publisistik və ədəbi qeydlərini böyük həvəslə geniş ictimaiyyətin mühakiməsinə təqdim etməyi çox sevir. Onun simasında publisist-vətəndaş vəhdəti adamı vəcdə gətirir. Bu yaxınlarda Ramiz Göyüşovun “Adiloğlu” nəşriyyatında nəşr olunmuş növbəti ədəbi-publisistik əsəri olan “Bizdə şeir də var, sənət də vardır” kitabında toplanmış materiallar üç başlıq altında verilmişdir. “Yaddaşımın ruhu” başlığı altında verilmiş on üç məqalədə Molla Pənah Vaqifi və Səməd Vurğunu təftiş edənlərə cavab, Mikayıl Müşfiq, Cabir Novruz, Nüsrət Kəsəmənli lirikasının bənzərsizliyinə həsr edilmiş, “Könüllərdə yaşayan şair”, “Mənə xatirən qalacaq”, “Tənha adamın nağılları” məqalələri, Alı Mustafayevin şəhidliyinə aparan şairliyi, İncə dərəsinin ziyalı övladlarına, rəssamlar Məmməd Dəmirçi oğlunun, Qafar Sarıvəllinin və Nəvai Mətinin əsərlərinin hər üçünün təhlilinə həsr edilmiş məqalələr verilmişdir. Burada söz xiridarlarından Zaməddin Ziyadoğlunun, Musa Yaqubun, Adil Cəmilin, Əli Kərimin, Dayandur Sevginin poetikasının bəzi məqamlarına xüsusi inprovizasiyası ilə yanaşan məqalələrinin mahiyyətində onun həm həyatı, həm nəzəri, həm də ictimai-publisistik qələmindən süzülən peşəkarlığı dayanır. Kitabın “Elin ruhuna köklənmiş qələm” rubrikası ilə verilmiş onadək yazı isə Ramiz müəllimin ədəbi-publisistik yaradıcılığına həsr edilmiş məqalələrdir. Həm Ramiz müəllimin məqalələri, həm də ədəbi, ictimai-publisist yaradıcılığından bəhs edən məqalələrdə onun publisistikasını xarakterizə edən başlıca keyfiyyətlərdən bəhs edilmişdir. Bu yazıların hamısını bir ana xətt birləşdirir: el-obaya, vətənə sevgi, insanlığa, qudsiyyətə çağırış. Biz bu yolda Ramiz müəllimdən daha neçə-neçə ədəbi qeydlər gözləyirik. Xeyirxahlıq – başqalarının yaxşılığını istəyən, insanlara köməklik göstərən, xeyirə çalışmaq adamların ən ülvi keyfiyyətidir. İnsan daim axtarışa meylli varlıqdır. Zəka nuru ilə qəlbləri işıqlandırmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Nə yaxşı ki, belə insanlar bütün dövrlərdə yaşayıblar. Belələri insanlıq fövqündə duranlara öz kölgələrini salıblar ki, həqiqi bəşər övladı kimi yaşadıqları cəmiyyətin müsbət anlamlı vətəndaşı olsunlar. Şərqin böyük ədəbi abidələrindən olan “ Kəlilə və Dimnə”də belə bir hikmət var: “İnsanı dünyanın bütün sirlərinə vaqif edən dörd şeydir: “Hikmət, əql, təmkin, və ədalət. Alimlik, savad və hər şeyi düşünə bilmək – hikmətə; tədbir, səbr, nəzakət və mərhəmət- əqlə; həya, alicənablıq özünü ələ almaq və özünü dərk etmək – təmkinə; doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək və xoş xasiyyətli olmaq-ədalətə daxildir. Bu sifətlər gözəldir. Bu sifətlərin hamısı kamil bir adamda toplandıqda dünyanın ən böyük xoşbəxtliyi belə onun başını gicəlləndirə bilməz, ən böyük bədbəxtliyi isə onu sarsıda bilməz. Belə bir adam onu təmin etməyən şeylərin varlığından qəmlənməz, taleyin onun əlindən qoparıb apardığı şeyləri itirməsindən kədərlənməz.” Ramiz müəllimdə bu keyfiyyətlərin hamısı cəmləşmişdir – desəm, yəqin ki, onu tanıyanlar, dostlar, yoldaşlar mənim səmimiyyətimə zərrə qədər şübhə etməzlər. Çünki bu, həqiqətən belədir. Həqiqətin isə iki üzü olmur. Ramiz müəllimin təmiz xarakteri, məntiqli danışığı, saf əqidəsi, mənəvi kamilliyi sözün əsl mənasında yüksək keyfiyyətlərə malik olması məni ona daim yaxınlaşdırıb. Onunla aramızda yaş fərqi olmamasına baxmayaraq, onun fikirlərinə həmişə hörmətlə yanaşaraq nə isə əxz etmişəm. Ramiz Göyüşov mənim üçün hər şeydən əvvəl ona görə sevimlidir ki, o, sabahı görə bilir, elə buna görə də ünsiyyətdə olduğu adamlarla münasibəti daim sabitdir. Rütbə, mənsəb, tərif onu aldada bilmir. Çox, təəssüf ki, belə adamların sayı bu günümüzdə olduqca azdır. İllər ötdükcə, dünyanın azını-çoxunu dərk etdikcə elə yaşamaq istəyirsən ki, təmizliyini və ləyaqətini qoruya biləsən. Ramiz müəllimi də əsl insan kimi səciyyələndirən onun bu keyfiyyətləridir. Yazılarda da çiçək kimidir. Gec açılıb tez solanları da olur, uzun-uzadı göz oxşayanları da. Mən hələ əbədiyaşar yazıları ( və ya çiçəkləri) demirəm. Bəxtəvər o şəxslərə ki, yazıları zamanın süzgəcindən keçə-keçə saflaşır, durulur, durula-durula da yaşayır. Mən hər dəfə Ramiz müəllimi gördükdə və dinlədikdə onun haqqında xəyalımda xoş fikirlər və duyğular pərvazlanır. Onun haqqında nə qədər düşünür və düşündüklərimi vərəq üstünə köçürürəmsə, yenə Ramiz Göyüşov haqqında ən lazımlı sözü demədiyimi hiss edirəm. Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” kitabına sonluq üzərində düşünərkən “Xəzan” jurnalının 2019-cu il 1-ci sayındakı bir material diqqətimi cəlb etdi və mən onu olduğu kimi verməklə, onun haqqında olan fikirlərimə nöqtə qoymaq istəyirəm. “İyirminci əsrin sonu, iyirmi birinci əsrin əvvəli. İki əsrin qovuşduğu ərəfədə Azərbaycanın igid oğlu, müharibədə qəhrəmancasına həlak olmuş, əslən Gədəbəydən olan və Mingəçevirdə böyümüş Natiq Qasımova “Xatirə bulağı” nın tikilməsi məsələsi qalxmışdı. Birdən-birə şəhər icra hakimiyyəti bu işlə maraqlanmışdı. Atası Səlim özü də məəttəl qalmışdı. Sən demə, bu işdə Qasımovlar ailəsinin minnətdarlıqla xatırladıqları Ramiz müəllimin böyük əməyi olmuşdur. Bulaq hazır oldu. Bu Qasımovlar ailəsinə nisbi təsəlli idi: buna da şükür! – dedilər. Qardaşı Nofəlin dediklərindən: – Atam pensiyaçıdır, işləmir, evdə darıxırdı. Məsləhətləşdik ki, balaca bir çayxana açaq. Həm başı qarışar, həm də azdan-çoxdan nə olar-olar. Atamgilin evinin yaxınlığında kiçik torpaq sahəsi ayrılması üçün məsləhətləşdik ki, icra hakimiyyətinə gedim. İcra hakimiyyəti başçısının müavini Ramiz Göyüşovun qəbulunda oldum. O, məni adi şəhər vətəndaşı kimi qəbul etdi. Oturmağa yer göstərdi. Əlində nə isə işi var idi. Üzr istəyib kağız-kuğuzları sahmana salmağa başladı. Bu arada mən otağa göz gəzdirdim. Kitab şkafının şüşə qapısına vurulmuş şəkli görəndə bədənimə qızdırma gəldi. Bu vaxt Ramiz müəllim işini qurtarıb mənə baxdı: – Eşidirəm sizi! Mən şəkli göstərib: – Bu kimin şəklidir? – deyə soruşdum. O, söhbətin hansı şəkildən getdiyini dərhal başa düşdü. – Ba-a! Bu bizim qəhrəmandır! -, vəcdlə dilləndi. – Natiq Qasımovdur! Eşitməmisən? Tanımırsan bu oğlanı? Mən tutulmuşdum, özümü güclə saxlayırdım. Qəhər qarışıq sevinc hissi keçirirdim. Birtəhər dilləndim: – Bu məmin qardaşımdır! Ramiz müəllim yenidən mənim əlimi sıxdı. Çox nəzakət və hörmətlə məni dinlədi. Nə kömək lazım olduğu ilə maraqlandı və əlindən gələni əsirgəməyəcəyini bildirdi. Ramiz müəllim sözünün ağası imiş. O, bizim ailəyə çox böyük hörmət göstərdi. “Xatirə bulağı”nın inşasında və “Xatirə bulağı”ndan bir az aralı çayxana üçün yer ayrılmasına kömək etdi. Ailəmiz Ramiz Göyüşovun təmənnasız yardımı və mənəvi köməyi üçün daim onu minnətdarlıqla xatırlayacaq!” Bax, haqqında bəhs etdiyim şəxs – indi Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri vəzifələrində işləyən “Bizdə şeir də var, sənət də vardır” kitabının müəllifi Ramiz Göyüşov belə nümunəvi məmur-vətəndaşdır.

Həsən Bayramov, pedaqogika üzrə elmlər doktoru 

Əvvəlki məqaləBinəqədi rayon MKS-nin kollektivi Üzeyir Hacıbəylinin Ev Muzeyini ziyarət edib
Növbəti məqalədəSiyahıda Binəqədi də var…