“Bəzi qonşu ölkələr Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkmək istəmirlər”

0
101
azay-quliyev-azay-guliyev
“2023-cü ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliyin edilməsi layihəsi hörmətli Prezidentimiz cənab İlham Əliyevin birbaşa tapşırığı və təşəbbüsü ilə hazırlanıbdır və əsas məqsəd ölkəmizin qarşısında duran iki mühüm vəzifənin icrasını təmin etmək və bu sahələri maliyyəşdirməkdən ibarətdir. Təqdirəlayiq haldır ki, xərclərin əsas istiqamətlərindən biri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərinin sürətlənməsinə yönələcək. Bu gün hamımız yaxşı başa düşürük ki, işğaldan azad edilən ərazilərimizin bərpası və yenidən qurulması xalqımızın və dövlətimizin qarşısında duran ən çətin və eyni zamanda ən şərəfli və tarixi bir missiyadır”. Bineqedi.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib.
“Azərbaycan heç kimdən maddi yardım almadan Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmış və viran qoyulmuş ərazilərini ilk növbədə qarış- qarış minalardan təmizləyir, yeni yollar və tunellər çəkir, yerla-yeksan edilmiş şəhər və kəndləri sıfırdan tikir, keçmiş məcburi köçkünləri təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına, yüksək səviyyədə inşa edilən modern evlərə köçürdür və bir sözlə, bu yerləri yenidən dirçəldir.
Büdcə xərclərinin ikinci istiqaməti isə ordumuzun və müdafiə qabiliyyətimizin daha da gücləndirilməsinə istifadə olunacaq. Buna da böyük ehtiyac var. Çünki Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, bəzi qonşu ölkələr Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkmək istəmirlər.
Ermənistan ölkəmizin ərazi bütövlüyünü ümumi sözlərlə yox, real əməldə qəbul etməyə, tərəfimizdən irəli sürülən və beynəlxalq hüquqla müdafiə olunan şərtlərlə sülh sazişi imzalamağa tələsmir, əksinə, Fransa kimi ikiüzlü və riyakar dövlətlər Ermənistana hərbi dəstək vermək barədə bəyanatlar səsləndirir və bu istiqamətdə müəyyən addımlar atır.
Laçında sərhəd nəzarət-buraxılış məntəqəsi qurmaqla ərazi bütövlüyümüzü de-fakto təmin etdik. Bu çox tarixi bir nailiyyətdir.
Lakin Qarabağda hələ də qanunsuz silahlı dəstələr mövcuddur və onların tərkisilah olunaraq ölkəmizdən çıxarılması dövlətimizin qaşısında duran ən aktual və ən vacib vəzifələrdən biridir.
Bütün bunlar bir daha onu göstərir ki, mövcud təhdidlər fonunda hərbi potensialımızı və müdafiə qabiliyyətimizi hər il artırmalıyıq.
Ona görə də bu il proqnozdan əlavə yaranmış 3 milyard manat büdcə gəlirllərinin əsas hissəsinin həm Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinə, həm də hərbi potensialımızın artırılmasına yönəldilməsini alqışlayır və buna görə cənab Prezidentə təşəkkür edirəm”,-deyə millət vəkili bildirib.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı tutulub
Növbəti məqalədə“Qarabağda çalışan iş adamlarının çoxundan şikayətlər alırıq”