Binəqədi “Gənclər şəhərciyi” kompleksindən 9 Qarabağ əlilinə ev verildi

0
174

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy qurşağı” kompleksindən 22, Binəqədi rayonu “Gənclər şəhərciyi” kompleksindən 9, Astara rayonundan 1 mənzil olmaqla yeni yaşayış binalarından alınmış ümumilikdə 64 mənzili şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Nazir müavininin sözlərinə görə, həmin kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 174 mənzil verilib. Bununla indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

V.Nəsirli müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. O, bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib. Bu il isə 600-ə yaxın avtomobilin təqdim edilməsi planlaşdırılıb. Onlardan 330-u müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək 6474-dək avtomobil müharibə əlillərinin istifadəsinə verilib.

Nazir müavini qeyd edib ki, bu il dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Bunun nəticəsində həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.

İctimai təşkilatların rəhbərləri öz çıxışlarında Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı naminə görülən işlərin, eyni zamanda onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir təzahürü olduğunu bildiriblər.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Əvvəlki məqaləSiyahıda Binəqədi də var…
Növbəti məqalədə“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib