Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Bineqedi.com xəbər verir ki, separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.
“2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır”, – deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Qarabağ əhalisi, o cümlədən “respublika”dan kənarda olan sakinlər “sərəncam” qüvvəyə mindikdən sonra gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.
“Sərəncam” dərc olunduqdan dərhal sonra qüvvəyə minir.
Bundan başqa, Xankəndidə separatçıların “rəhbəri”nin müşaviri David Babayan könüllü olaraq Azərbaycana təslim olacağını bildirib.
Babayan bu barədə öz feysbuk hesabında paylaşım edib.
“Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, – deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.