“Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsinlər və artıq sülh sazişinin layihəsi üzərində işləsinlər. Sentyabrın 20-də biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq”.
Bineqedi.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.
Bununla yanaşı, sərhədlərin delimitasiyası üzərində fəal şəkildə çalışmağın və uzun müddət sürən bu qarşıdurmaya son qoymağın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı Vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.
“2020-ci il noyabrın 8-də Ordumuz tərəfindən Şuşanın azad olunması bizim iradəmizin təzahürü idi. İki gün ondan sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu”.
“Aprelin 23-də (2023-cü il – red.) Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, sentyabrın 20-də (2023-cü il – red.) biz öz suverenliyimizi bərpa etdik. Yəni artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.
Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.
Dövlətimizin başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə mesaj verib:
“Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.