Rusiyalı ekspert: “Qarabağla bağlı bütün məsələlər Azərbaycan qanunvericiliyi ilə tənzimlənəcək”

0
1914

“Qarabağ Azərbaycandır və gələcəkdə orada baş verəcək hər şey Azərbaycan qanunvericiliyi ilə tənzimlənəcək”.

Bineqedi.com saytı reporta-a istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” onlayn iclasında deyib.

Ekspert qeyd edib ki, İrəvan ikiüzlü mövqe tutub: “Rəsmi İrəvanın kifayət qədər ziddiyyətli və çox vaxt ikiüzlü mövqeyini görürük, o, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən bura kənar oyunçuların müdaxiləsinə çalışır. Biz hələ də Ermənistana dəstək verən, hətta Cənubi Qafqaz regionunda istənilən dinc və quruculuq prosesinə zərbə vurmağa çalışan Fransa kimi bir ölkənin tamamilə dağıdıcı rolunu görürük”.

O, həmçinin vurğulayıb ki, müəyyən qüvvələrin və dairələrin Moskva ilə Bakını bir-birinə qarşı qoymaq cəhdləri nəticəsiz qalıb: “Biz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıda keçirilən görüşünün çox maraqlı formatını gördük, burada əlaqələrimizin uğurla inkişaf etdiyi bildirildi. Bu, müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin fundamental sənədinə əsaslanan siyasi qarşılıqlı əməkdaşlıq səviyyəsini bir daha göstərir”.

Ekspertin fikrincə, Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrin iştirakçısı olmayan dövlətlərin hər hansı hərbi kontingenti olmamalıdır: “Burada bizə Avropa İttifaqının və ya NATO-nun saxta sülhməramlı kontingentləri lazım deyil, onların burada hərbi mövcudluğu üçün heç bir hüquqi əsas yoxdur”.

“2020-ci il sentyabrın 27-dən başlayaraq Cənubi Qafqaz regionundakı hadisələr və Azərbaycan Silahlı Qüvvələrinin regionda həyata keçirdiyi lokal antiterror tədbirləri çərçivəsində baş verən son hadisələr nəticəsində yeni geosiyasi reallıq yaranıb. Azərbaycan faktiki olaraq öz ərazi bütövlüyünü bərpa edib”.

Ekspert qeyd edib ki, regiondakı reallıq yeni anlayış tələb edir: “Söhbət regiondakı hadisələrin bundan sonra necə cərəyan edəcəyindən, əsas tərəflərin maraqlarının nədən ibarət olacağından və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair gələcək formatların necə ola biləcəyindən gedir”.

O vurğulayıb ki, Azərbaycanın addımları beynəlxalq hüquq normalarına uyğundur: “Müəyyən dövlətlər, güc mərkəzləri tərəfindən hər hansı formada Azərbaycana təzyiq göstərmək, görülən tədbirlərin legitimliyini şübhə altına almağa çalışmaq – bütün bu cəhdlər tamamilə qanunsuzdur”.

Əvvəlki məqaləSosial şəbəkələrdə Prezidentin adından yayılmış video müraciət saxtadır – BİRGƏ AÇIQLAMA
Növbəti məqalədəMilli Məclis İlham Əliyev ilə bağlı bəyanat qəbul etdi