Binəqədi Rayon İcra Hakimiyyətində 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında Rayon İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, rayonun idarə-müəssisə rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 2023-2024-cü ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.
İclasda Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir. Məruzədə payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar görülmüş işlər barədə, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının şöbə müdirləri – Zülfəli İsmayılov, Anar Tağıyev, Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.
Bineqedi.com