Azərbaycanda zabitlərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir

0
1821
parad-zefer-qelebe-azerbaycan

Azərbaycanda dövlət hesabına təhsil alan hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir.

Bineqedi.com xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, dövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişikliklə zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır.

Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.

Azərbaycanda hərbi qulluqçular mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.

Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Əvvəlki məqaləXankəndidə Qarabağ Universiteti yaradılır – Sərəncam
Növbəti məqalədəAzərbaycanda orta və yaşlı əhali qızılcaya görə vaksinasiya olunacaq