Binəqədi rayonunda şəhid İlqar Əhmədovun xatirəsi yad edilib

0
2176

Arzusu dənizçi olmaq idi. Ali Dənizçilik Akademiyasında təhsili alırdı. Lakin ermənilərin torpaqlarımıza qarşı təcavüzü, azğın əməlləri onu təhsilini yarımçıq qoyub hərbi xidmətə getməyə sövq etdi. 1998-ci ildə dördüncü kursda oxuyarkən könüllü olaraq hərbi xidmətə yollandı. Bir il səkkiz ay kəşfiyyatçı kimi qulluq elədi. 2000-ci il yanvarın 26-da Ağdərə postunda kəşfiyyatdan qayıdarkən minaya düşərək şəhidlik zirvəsinə ucaldı.

Bineqedi.com xəbər verir ki, bu barədə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Həmidə Məmmədquluzadə küçəsində Birinci Qarabağ müharibəsi şəhidi İlqar Əhmədovun barelyefi önündə keçirilən mərasimdə məlumat verilib.

Mərasimdə çıxış edən şəhidin təhsil aldığı 100 nömrəli məktəbin direktoru Gülnarə Məmmədova və müəllimlər İlqar Əhmədovun göstərdiyi qəhrəmanlıq nümunəsindən və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsindən danışıblar.

Şəhidin qohumu və uşaqlıq yoldaşı Əkrəm Həsənov ürək sözlərini belə ifadə edib: “İlqar məndən bir yaş böyük olsa da, hər yay ata-baba yurdu Qubadlıya gələrdi. Bir yerdə çayda çimər, futbol oynayar, bağları, kövşənləri gəzərdik. Onda doğma yurdun təbiətinə qarşı qəribə bir heyranlıq var idi. Onunla son görüşümüz şəhid olmamışdan üç-dörd ay əvvəl oldu. Nə qədər çalışsaq da, onu yolundan saxlaya bilmədik. Döyüş yoldaşlarını, kəşfiyyatçı dostlarını tək qoymaq istəmirdi. Elə bil şəhidliyə tələsirdi…”.

İlqar Əhmədovun anası Leyla isə öz çıxışında deyib: “O, çox vətənpərvər, yurdsevər bir övlad idi. Təhsil almağına baxmayaraq onu heç cür hərbi xidmətə getməkdən çəkindirə bilmədik. Təhsilini yarımçıq qoyub cəbhəyə yollandı və 22 yaşında haqqın dərgahına ucaldı. Ötən il yaşadığı küçədə onun barelyefi açıldı. Oğlumun xatirəsini əziz tutan və onu yad edən hər kəsə ailəmin adından təşəkkür edirəm”.

Məktəbin şagirdləri vətənpərvərlik mahnıları ifa edib, şeirlər səsləndiriblər.

 

Əvvəlki məqaləPrezident İlham Əliyev Xankəndi şəhər stadionunda çıxış edib – VİDEO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO