Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli tam orta məktəb 1978-ci ilin avqustun 30-dan fəaliyyətə başlayıb. Məktəb Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş məzun Namiq Babayevin adını daşıyır.
Bineqedi.info-nun məlumatına görə, məktəb ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.
Məktəbin direktoru Sultanova Qənirə Mərdan qızıdır.
Məktəbdə ümumilikdə 28 sinifdə 734 şagird təhsil alır.
Təhsil müəssisəsində 63 pedaqoji işçi çalışır.
Təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.
Məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi məqsədilə məktəbdə müxtəlif fənn kabinetləri: fizika kabineti, kimya laboratoriyası yaradılıb.
Şagirdlərin asudə vaxtlarında mütaliə ilə məşğul olmaları üçün müxtəlif ensiklopediyalar, jurnallar və kitablarla zəngin olan məktəb kitabxanası fəaliyyət göstərir.
Eyni zamanda məktəbdə geniş akt zalı mövcuddur, burada tədbirlərin təşkil olunması üçün lazımi şərait yaradılıb.
Məktəb məzunlarından 6 qızıl və 19 gümüş olmaqla 25 nəfəri medala layiq görülüb.
Məktəbin məzunlarından 108 nəfəri ölkədə keçirilən qəbul imtahanlarında 500 -dən yüksək bal toplayıb, onlardan 6 nəfəri 650 baldan yuxarı, 21 nəfəri 600-650 bal arası, 48 nəfəri 550-600 bal arası, 50 nəfəri isə 500-550 bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olublar.
Məktəb 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə I Qrant müsabiqəsi”ndə iştirak edərək ümumtəhsil məktəbləri nominasiyası üzrə “Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi və müəllim nominasiyası üzrə isə “Uşaq Forum-teatrının şagirdlərin şəxsiyyətyönlü inkişafında rolu: “İctimai nəqliyyatda davranış” mövzusunda forum-teatr” layihəsi (müəllim-Ceyhunə Novruzova) ilə qalib olub və bu layihələri uğurla həyata keçirib.