SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.
Bineqedi.com xəbər verir ki, bu barədə SOCAR-dan verilən məlumata görə, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.
Bildirilib ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.
Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
***
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Bu barədə Tarif Şurasından məlumat verilib.
Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.