“Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün”.
Bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?” sualına cavabında bildirib.
“Biz bu sülhü mümkün qədər tez görmək istəyirik”, – Türkiyə lideri söyləyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib.
O, bu barədə NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Fransa Prezidenti Emmanuel Makronla bir neçə dəfə görüşüm olub. Lazım gəlsə, Makronla yenidən bunu müzakirə edəcəyik. Yaxın vaxtlarda onunla görüşəcəyəm və bölgədə bəzi mənfi hadisələr olsa, bunları ona bildirəcəyəm”.