Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3002
Şəhid İsmayılov Rövşən Məmmədağa oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com saytı xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Azay Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Qeyd edək ki, İsmayılov Rövşən Məmmədağa oğlu 30 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. Orta təhsilini 2005 – 2016-cı illərdə 83 saylı məktəb-liseydə almışdı. 5-ci sinifdən idmanın müxtəlif növləri ilə məşğul olurdu. Məktəbi bitirdikdən sonra elə həmin il – 2016-cı ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” fakültəsinə daxil olmuş, 2020-ci ildə ali təhsiliini bitirən Rövşən həmin ilin iyulunda həqiqi hərbi xidmətə yollanmış və Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir. Ailəsinə kəşfiyyat qrupuna qoşulmaq istəyini bölüşəndə ailədə ciddi narazılığa səbəb olmuşdu. Rövşən ailəsindən gizlədərək hərbi hissədə yaradılmış “Həmlə” könüllülər qrupuna qoşulur. Müharibə başlayan gündən – 27 sentyabr 2020-ci il tarixindən döyüş bölgəsində – ön cəbhədə Vətənə xidmət etmişdi. Hərbi hissədə yaradılmış ”Həmlə” könüllülər qrupuna baş atıcı kimi qoşulmuş, Suqovuşan, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdi. O, oktyabrın 3- də əlindən və üzündən qəlpə yarası alır, hospitala yerləşdirilir. Sərəncamda oktyabrın 18-nə kimi olmasına baxmayaraq, ayın 7-si ərizə yazaraq bir neçə döyüş yoldaşı ilə birlikdə müalicələrini yarımçıq qoyur, həkimlərin narazılığına baxmayaraq böyük israrla yenidən döyüş meydanına qayıdırlar. Rövşən ön cəbhədə olduğu müddətdə çox cəsarətlə və qəhrəmancasına döyüşmüşdü. Son döyüşdən bir gün əvvəl-oktyabrın 12 – sində ailə üzvləri ilə son dəfə danışır. 13 oktyabr gecə Ağdərə istiqamətində, Tülkü dərəsi adlanan yerə döyüşə yollanırlar. Rövşən ən öndə gedən bölüyün üzvü olur, belə ki, həmin yerə ilk və son ayaq basanlar onlar olur. 44 günlük müharibə ərzində bir daha həmin səngərə ayaq basan olmur. Bu səbəbdən də onların nəşi ailələrinə müharibə bitdikdən sonra təhvil verilir. Rövşən və onun dostları həmin səngərdə şəhid olurlar. Müharibənin 17- ci günü oktyabrın 13-ü 2020-ci il tarixində o, Tülkü dərəsində başından düşmənin snayper gülləsinə tuş gələrək, qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Rövşən müharibədə iştirak etdiyi 16 gündən heç bir xatirəsini ailəsi ilə bölüşmür. Şəhadətindən sonra bütün bu məlumatlar ailəsinə döyüş yoldaşları tərəfindən çatdırılır. Rövşən şəhid olacağını gözə almışdı. Çünki döyüş yoldaşı Rövşəndən xatirə qalan köynəyi və qolbağını onun istəyilə şəhadətindən sonra ailəsinə çatdırır. Rövşənin nəşi neytral zonada qaldığı üçün yalnız 35 gündən sonra götürüb ailəsinə təhvil verə bilirlər. 19 noyabr 2020- ci il tarixdə Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rövşən İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 11 nəfər şəkili ola bilər
Bir 10 nəfər şəkili ola bilər
Əvvəlki məqaləAyın 19-u yollarda məhdudiyyət olacaq – Xəbərdarlıq!
Növbəti məqalədəAzərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi