“Hər il təxminən 60-70 məktəbi yenidən tikirik”

0
3002
emin-emrullayev-tehsil-naziri

“Hazırda Azərbaycanda 90%-dən artıq məktəb təmirlidir”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hər bir məktəbin təmirli olması və orada tədrisin yaxşı təşkili hər zaman nazirliyin qarşısında olan məqsəddir: “Son beş ildə modul tipli məktəblər də daxil olmaqla 600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb.

Hər il təxmini 60-70 məktəbi yenidən tikirik. Az sayda bir neçə yüz məktəb qalıb ki, təmirə ehtiyacı var. Nəzərə almaq lazımdır ki, hər il əvvəl yeni inşa edilən məktəb binası da müəyyən səbəbdən köhnəlir. Ümumilikdə məktəblərin inşası və təmiri ardıcıllıq və mərhələli şəkildə davam edir”.

“Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır”. 

Nazir hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu bildirib: “Əslində bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır”.

“Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik”.

“Biz daha çox azərbaycanlının ali təhsil almasını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başladı”.

Nazir qeyd edib ki, qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıdırlar: “İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın”.

Əvvəlki məqaləBakıda kran obyektin üzərinə aşdı – Video
Növbəti məqalədəBinəqədidə növbəti ağacəkmə aksiyası – Fotolar