Gürcüstan hadisələrinə baxış – baş verməyəcək yeni “gül inqilabı” – TƏHLİL

0
2001

Gürcüstanda son 24 ildə kifayət qədər qalmaqallı proseslər yaşanıb. 2003-cü ildə ölkədə “qızılgül inqilabı” baş verib. O vaxtkı prezident Eduard Şevardndze bu siyasi hadisə nəticəsində tutduğu vəzifəni tərk etməli oldu.

Bu, Qərbin o zaman Gürcüstana tətbiq etdiyi plan idi. Bu təcrübə indiyədək davam edir. Qeyri-hökumət təşkilatları vasitəsi ilə proseslərə müdaxilə olunur. Onların maliyyələşdirilməsi mexanizmi sayəsində “dövlət içində dövlət”in qurulması, xalqın iradəsinin əksinə olaraq Qərbin daxili proseslərə açıq müdaxilə cəhdlərini artırması, qarşıdurmanın dərinləşdirilməsi, hətta olayların vətəndaş müharibəsi həddinə çatdırılması da anti-hökumət qruplarının əsas vəzifələrindən sayılır.

Hadisələr göstərir ki, Gürcüstanda QHT-çilərdən ibarət manqurt dəstələr, LGBT və ifrat liberal mövqe tutan sağ təmayüllü düşərgə formalaşdırılır. Onların irəli sürdüyü şüarlar da bunu təsdiqləyir.

Ölkədə süni şəkildə yaradılan dalğa səbəbindən bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu deyil.

SSRİ dağılandan sonra Rusiyadan uzaqlaşan qüvvələrə dəstək vermək məqsədi ilə “qeyri-hökuməti təşkilatları” adı altında qurulan siyasi-təşviqat texnologiyası indi də işə yarayır. Bu zaman həmin “təşkilatlar”, yaxud ayrı-ayrı “liberal”, “müstəqil” fiqurlar müxtəlif layihələr əsasında maliyyələşdirilir. Onların vasitəsilə dövlətin daxili işlərinə müdaxilə edilir.

Təbii, həmin təşkilatlar öz dövlətinin deyil, qrant aldıqları sponsorların maraqlarını təmsil edir, tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirirlər. Bu dəstələr aldıqları təlimatlara uyğun olaraq Gürcüstanda yaranmış vəziyyəti vətəndaş müharibəsi həddinə çatdıracaq qədər irəli getməkdədirlər.

Hazırda Gürcüstanın başlıca məsələsi ərazi bütövlüyünü bərpa etməkdir. Əhali, ordu, hakimiyyətlə yanaşı, ərazi də ölkənin dörd əsas atributundan biridir. Dövlətin ərazisi bütövləşməsə, ölkədə bütün istiqamətlərdə natamamlıq olur. Bu, demokratiyanın inkişafına da təsirsiz ötüşmür.

Mövcud şəraitdə Gürcüstandakı siyasi qüvvələrin əsas diqqətlərini bu istiqamətə yönəltmələri daha məntiqli olar. Qərblə Rusiya arasında qarşıdurmada iştirak Gürcüstan cəmiyyətinin parçalanmasını daha da sürətləndirir, ərazi bütövlüyünün bərpasını isə ləngidir.

Gürcü xalqı, ümumilikdə gürcüstanlılar Cənubi Qafqazın sayılıb- seçilən əhalisi olub. O, öz milli-mənəvi dəyələrinə, adət-ənənələrinə hər zaman sadiq qalıb. Ancaq qrant dəllalları Gürcüstan cəmiyyətinin əsaslarını LGBT və ifrat sağçı düşüncə sistemi ilə xeyli zədələyib. Bu məqamlar demokratiya və insan hüquqları kimi dəyərlərin “çətir”i altında gizlədilir.

“Seçki-etiraz-istefa-uğur” kvarteti Gürcüstanda iki dəfə uğur qazansa da, bu sxemin ölkəyə yenidən faydalı olma ehtimalı azdır.

Belə hadisələr 2014-cü ilin Ukrayna ssenarisinin bu dəfə Gürcüstanda quruluş verilən təkrarına oxşayır. Buraya küçə toqquşmaları, polisə qarşı zorakılıq və sair qəbuledilməz fəaliyyətlər daxildir. Məlumatlara əsasən, Gürcüstana Balkan, Şərqi Avropa və Baltik ölkələrindən çox sayda təxribatçılar gətirilib. Onların arasında silahlı diversantların olması ehtimalı yetərincə ciddidir. Etirazçıların məhz onlar tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması da bu ehtimal zəncirinin mühüm halqalarından biridir.

Baş verən hadisələr fonunda Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri özünü diplomatdan çox canişin kimi aparır. Nə qədər paradoksal olsa da, hazırda Çin, Rusiya və digər ölkələri hibrid müharibələrin təşkilində günahlandıran Qərb özü Gürcüstanı vətəndaş müharibəsinə sürükləyir.

Qərbin Cənubi Qafqaz regionunda gərginliyi körükləmək cəhdləri Azərbaycan üçün xüsusilə qəbuledilməzdir. Gürcüstanda cərəyan edən proseslər bu ölkənin daxili işidir. Kənar qüvvələr və dövlətlərin bu hadisələrə müdaxiləsi demokratik dəyələrə nümayişkar sayğısızlıqdır. Yaranmış vəziyyət həm də demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmağı tələb edir.

Gürcüstanda qarşıdurmanın güclənməsi ölkəni idarəolunmaz və qanlı burulğana sala bilər. Regionda baş verən hadisələrə bu sayaq yanaşma, Cənubi Qafqaz ölkələrinin daxili işlərinə müdaxilə bölgənin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Bu baxımdan, regionda Qərbin ssenarisi üzrə yarana biləcək arzuedilməz şərait torpaqlarını işğaldan azad edərək müharibədən yeni çıxan Azərbaycan üçün də məqbul sayılmır.

Təəccüblü olsa da, Gürcüstanda keçirilən etiraz aksiyalarına bu ölkə ilə heç bir əlaqəsi olmayan prezident Salome Zurabişvili başçılıq edir. O, həm də Fransa vətəndaşıdır. Azərbaycana qarşı atdığı addımlar, etdiyi çıxışlarla Zurabişvili haradasa, Fransa prezidenti Emmanuel Makronla müqayisə edilə bilər.

Gürcüstan prezidenti hakimiyyətinin ilk altı ayında Azərbaycan əleyhinə təxribatçı davranışı və bəyanatı ilə yadda qalıb. O, ölkəsinin xarici işlər naziri vəzifəsində çalışanda da Azərbaycanın ünvanına xoşagəlməz çıxışları ilə diqqət mərkəzinə düşüb. Zurabişvili həmin vəzifədə 2004-cü il martın 20-dən 2005-ci il oktyabrın 19-dək işləyib. Onun bu vəzifədə cəmi 19 ay çalışdıqdan sonra qovulmasının səbəbi Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadzeni təhqir etməsi olmuşdu. Onda Zurabişili Gürcüstan parlamentində çoxluqda olan Vahid Milli Hərəkat Partiyasını və şəxsən N.Burcanadzeni “klan diktaturası” yaratmağa cəhddə ittiham etmiş, rəqiblərini “kaci” (gürcü dilində “vəhşi”, “kəndçi”) adlandırmışdı. Gürcü nağıllarında “kaci” həm də “şeytan” (“demon”) deməkdir.

Başqa bir örnək. Azərbaycan və gürcü xalqının qanına əli batmış Mixeil Avayana 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyulub. Bu erməni terrorçu həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Salome Zurabişvili seçkiqabağı kampaniyada Axalkalaki rayonunda erməni seçicilərlə görüşdə onlara həmin büstün qoyulmasına dair vəd vermişdi. Borçalı bölgəsində azərbaycanlıların Mixeil Saakaşviliyə səs verməsinin acığını xanım Zurabişvili bu yolla çıxmışdı. Gürcüstandakı aksiyalarda ön plana çıxan Zurabişivil indi özünü “demokratyanın Janna Dark”ı rolunda görür.

Bu fonda Gürcüstandakı aksiyaları dəstəkləyən Avropa İttifaqının Özbəkistandakı nümayəndəsi Toyvo Klaarın davranışlarına da diqqət yetirməyə dəyər. O, Qafqaza göndərilmiş ifrat xristian təəssübkeşi və qatı islamofobdur. Klaar öz fəaliyyəti müddətində daim ermənilərin və Ermənistanın haqsız mövqeyini dəfələrlə müdafiə edib. Özbəkistanda da işə başladığı qısa müddətdə də vətəndaş cəmiyyəti seqmentinə nüfuz etmək üçün bütün vasitələrə əl atmaqdadır. Düşünmək olar ki, Fransa xüsusi xidmət orqanları onu “Avropa İttifaqının nümayəndəliyinin əməkdaşı” adı altında qurumun Daşkənddəki təmsilçiliyinə yerləşdirib.

Göründüyü qədər, Gürcüstanda tətbiq olunan məlum ssenari bu ölkənin “növbəti Ukrayna”ya çevrilməsidir. Qərb Ukrayna xalqını müharibəyə sürükləyərək sonu görünməyən məşəqqətlərə saldığı kimi, Gürcüstan üçün də eyni planı həyata keçirir.

Bu baxımdan, Mərkəzi Asiya ölkələrinin də həmin ssenarini ciddi şəkildə nəzərə almaları şərtdir. Təsadüfi deyil ki, Avropa İttifaqının Mərkəzi Asiya ölkələrindəki nümayəndəliklərinə bir qayda olaraq məhz Baltik ölkələrindən olan diplomatlar təyin edilir. Belə təsəvvür yaranır ki, Baltikyanı diplomatların əksəriyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yetişdirməsidir.

Avropa İttifaqının Qazaxıstandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da litvalıdır. Piter Mixalkodan əvvəl qurumun Bakı ofisində işləyib. Onun da Azərbaycanda QHT təmsilçiləri ilə şübhəli əlaqələri müəyyən edildiyinə dair xəbərlər yayılmışdı.

Gürcüstandakı etiraz aksiyalarına başçılıq edən, onu təşkilatlandıranlar barəsində siyahını uzatmaq da olar. Ancaq çəkilən nümunələr bu prosesin Gürcüstan cəmiyyətinə hər hansı formada faydalı olacağını söyləməyə heç bir əsas vermir. Salome Zurabişvili və onun kimilərin “milli birlik” üçün “gürcü arzusu” olmağa yaramadığı gün kimi aydındır.

Ona görə də, Gürcüstandakı proseslərə kənar müdaxilə “astarın üzündən baha olması” ilə nəticələnəcək.report.az

Əvvəlki məqaləÖlən şəxsin kreditini kim ödəməlidir?
Növbəti məqalədəBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto