Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib

0
2998
emin-emrullayev-tehsil-naziri

“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır”.

Bineqedi.com report-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır:

“Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib. Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq”.

“Bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək düz yanaşma deyil. Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir. Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur”, – deyə nazir fikirlərini tamamlayıb.

“Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil”.

Nazir bu yanaşmanın doğru olmadığını bildirib:

“Çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz”.

O qeyd edib ki, Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur:

“Amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur”.

Emin Əmrullayevin sözlərinə görə, bunun səbəbi statusla bağlıdır:

“Biz nə qədər statuslara fikir verib, fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik”.

“Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var”.

Nazir bildirib ki, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq:

“Dürüst insan başqasının əməyini oğurlayıb, öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən, həqiqətən də, bir neçə vacib addım atılıb. Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir.

Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.

Əvvəlki məqaləBu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək
Növbəti məqalədəEhtiyyatda olanlar əsgərliyə ÇAĞRILACAQ – QANUN