Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil.
Bineqedi.com xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.
O bildirib ki, hazırda yalnız Azərbaycan vətəndaşı olan tələbələr üçün kreditlər nəzərdə tutulub.
Bəhruz Əzimov gələcəkdə xarici vətəndaşlara kredit verilməsinin mümkünlüyünü şərtli olaraq zaminliklə əlaqələndirib:
“Bu kreditlər yalnız Azərbaycan vətəndaşları üçün ayrılır. Gələcəkdə, zaminlik şərti ilə xarici vətəndaşlara da kredit verilməsi ehtimalı ola bilər, amma bu məsələ ilə bağlı indiyə qədər heç bir dəyişiklik yoxdur”.
Bundan başqa qiyabi təhsil alan tələbələr üçün təhsil krediti ayrılması planlaşdırılmır. Əzimov bu tələbələrin əmək fəaliyyəti ilə məşğul olmaq imkanına sahib olduqlarını nəzərə alaraq belə bir qərarın hələ ki, mövcud olmadığını bildirib.
“Qiyabi təhsil alanlar üçün təhsil krediti ayrılması məsələsi Şuranın iclasında müzakirə ediləcək və Maliyyə yükü hesablanacaq,” – deyə o əlavə edib.
Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb.
Bu barədə Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair brifinqdə məlumat verilib.
Qeyd olunub ki, kreditlərdən yararlanan 6 500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb.
Bundan başqa, sosial təhsil tələbə krediti (TTK) alan 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK alan məzunda isə bu güzəşt 25 % təşkil edib.
Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.