Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihəyə başlanılıb.
Bineqedi.info Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə-musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub.
Bütün tam orta məktəblər üzrə tədimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.
Təsdiq edilmiş qrafikə uyğun olaraq layihədə ilk olaraq 126, 244 və 283 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 283 nömrəli tam orta məktəbin akt zalında “Cahana sığmayan şair” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova hər kəsi salamlayıb. Tədbirin hazırlanması haqqında məlumat verib.
Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edildi, musiqilər səsləndirilib.
Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirilib.
Tədbirdə nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak edən tam orta məktəblərin rəhbərliyinə, kollektivlərinə, şagirdlərə minnətdarlığını bildirib.
Ramiz Göyüşov Nəsimi dühasının zənginliyindən bəhs edərək onun yaradıcılığının gənclərə çatdırılmasında daha təşəbbüskar olmağın vacibliyini vurğulayıb.
Qeyd edib ki, xalqımız bütün ziyalı insanlarına, şair və yazıçılarına hər zaman hörmətlə, rəğbətlə yanaşıb, onların xatirəsini ehtiramla yad edib.
Bu gün Nəsimin dühasını müxtəlif nümayişlərlə təqdim etməyə çalışan şagirdlər vətənimizə, onun dəyərlərinə nə qədər sadiq olduqlarını göstərmiş olublar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.