Binəqədi rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hesabat seçki yığıncağı keçirildi.
Bineqedi.com xəbər verir ki, yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, təşkilatın üzvləri və QHT rəhbərləri iştirak edirdi.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edərək, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışdı.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunaraq, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs etdi və qeyd etdi ki, veteranlar ölkəmizin ictimai həyatında yaxından iştirak etməklə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə ciddi töhfə verməkdədirlər.
Tədbirdə hesabatla çıxış edən Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov görülən işlər haqqında məlumat verdi. Teyyub Həsənov xidmətinə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.
Daha sonra Binəqədi Rayon Veteranlar Təşkilatının yeni sədri ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov tədbir iştirakçılarına təqdim olundu.