Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3562
Şəhid Mustafayev Elnur Nəcəf oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə və digərləri iştirak edirdilər.

Şəhid Elnur Nəcəf oğlu Mustafayev 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kəlbəcərin Ağcakənd, anası isə Oruclu kəndindəndir.

Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayır. Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verir. O, yerli, həmçinin xarici (Türkiyə, İran, Dağıstan (Rusiya), Gürcüstan) yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. İran İslam Respublikasında, 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülür. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyir ki, “Ana, mən bu medalı Şəhidlərimiz üçün qazandım”.

Nəhayət, Elnur 18 yaşı tamam olduqdan sonra 2020-ci il mayın 7-si hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixində xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyata başlayır. Elnur da ilk gündən müharibədə iştirak etməyə başlayır. Cəsarət və şücaəti ilə seçilən Elnur müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə iştirak edir. Atası ilə telefon danışıqlarından birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyini deyir. Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş və hər fürsətdə ailəsini buna hazırlayırdı.

30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini gətirərkən xain düşmənin gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır.

Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Əvvəlki məqaləBinəqədidə abadlıq-quruculuq işləri uğurla davam etdirilir – FOTO
Növbəti məqalədəBakıda maskalı şəxslər restorana basqın etdi – Anbaan görüntülər