“Hesab edirəm ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Biz məhz bunu edirik”.
Bineqedi.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq: “Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir”.
“Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.
“Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”, – deyə Prezident vurğulayıb.
“Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər – bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.
Dövlət başçısı qeyd edib ki, biz danışıqlar prosesindəyik: “Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.
Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, – istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, – qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər”.
“Zənnimcə, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq”.
Dövlət başçısı qeyd edib ki, biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq: “Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.
Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.
“Bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik”.
Dövlət başçısı qeyd edib ki, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər: “Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik – siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.