Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 102 № li tam orta məktəbdə “Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, 102 №li məktəbin direktoru Mailə İsmayılova və məktəbin kollektivi və şagirdlər iştirak edirdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan 102 № li tam orta məktəbin direktoru Mailə İsmayılova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə söhbət açaraq, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Növbəti çıxış edən Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli həyata keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verərək, narkotiksiz cəmiyyət üçün mübarizəni ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruri olduğunu vurğuladı.
Sonda məktəblilər “Narkotiksiz gələcək naminə!” mövzusunda videoçarxı izlədilər.
Bineqedi.com




