Prezident: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək”

0
3078

“Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir”.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında söyləyib.

“Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.

“Bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik”.

Dövlətimizin başçısı qeyd edib: “Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.

“İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir”.

“Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”, – deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. “Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”, – deyə Prezident vurğulayıb.












Əvvəlki məqaləSeyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək – Sərəncam
Növbəti məqalədəHəqiqi hərbi xidmətin yaş həddi dəyişir – Yeni QAYDA