Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.
Bineqedi.com xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl – 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.
Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.
Qeyd edək ki, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 13 gün qeyri-iş günüdür.
***
Qurban bayramı namazının vaxtı məlum olub.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib.
Onun sözlərinə görə, məscidlərdə bayram namazı saat 08-09:00 arasında qılınacaq: “Qurban bayramı bu il iyunun 6-7-nə təsadüf edəcək. Əslində Məkkədə Həcc ziyarətində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir. Bayram namazı məscidlərdə 6 iyun səhər saat 8-9 radələrində qılınacaq”.

















