“Bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər”.
Bineqedi.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
V.Yaqublu bildirib ki, müəllimin savadlı olması təhsilin keyfiyyətini müəyyən edir:
“Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət göstərəcək. Məktəblərimizin demək olar ki, çoxunda sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir.
Şagirdə dərs deyən müəllimin bilikli olması əsas məsələdir. Əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu da təhsildə sağlam rəqabət mühiti yaradır”.
***
“Hələ də bu sualları bilməyən müəllimlər var”.
Bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva keçirilən brifinqdə deyib.
“Sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi müəllimin bunu nə qədər bilməsini öyrənmək deyil. Məqsəd hələ də bu sualları bilməyən müəllimlərin olmasıdır.
Biz istəsək də, istəməsək də suallar asan, orta və çətin olaraq bölünməlidir. Çətin suallar mütləq olmalıdır. Onlar olmasa, ən yaxşıları təyin etmək mümkün olmaz. Bu imtahanlardan sonra biləcəyik ki, kim mentor və metodist ola bilər”.