Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı – dosta da, düşmənə də verilən ismarışlar

0
12601

Azərbaycan və Türkiyə qardaşlıq, əməkdaşlıq, yardımlaşmanı sözdə, sənəddə deyil, əməldə bir daha təsdiqləyib.

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

2023-cü il fevralın 6-da Kahramanmaraşda 7,7 və 7,6 maqnitudada zəlzələ olmuşdu. Təbii fəlakət nəticəsində minlərlə insan ölmüş və xəsarət almışdı.

Onda Azərbaycan Türkiyəyə qardaş və qonşu dövlət yardımı etmişdi. Tədbirin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir”.

Türkiyə Prezidenti Ərdoğan Azərbaycanın etdiyi yardımdan və verdiyi dəstəkdən bəhs edərək deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı tale birliyinin ən konkret nümunələrindən biri açılışı edilən mənzillərdir.

Azərbaycan və Türkiyənin qardaş, qonşu dövlət olaraq iş birliyi regional, qlobal təhlükəsizliyə töhfə verir.

İki ölkənin rəhbərliyi, icitmaiyyəti dünyada baş verən hadisələrə oxşar münasibət göstərib. Rəsmi Ankara və Bakı bir-birinin haqlı mövqeyini hər zaman müdafiə edib.

Ölkələrin liderləri müxtəlif tədbirlərdə bir-birinin təəssübünü çəkir. Münasibətlər o dərəcədə səmimidir ki, hətta Azərbaycan Prezidenti Türkiyənin milli və dövlət maraqlarını Ankara rəsmilərinin iştirak etmədiyi toplantılarda müdafiə edib.

Məsələn, on il bundan əvvəl, 2015-ci il aprelin 24-də Çexiyanın paytaxtı Praqada “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitində Ermənistanın ovaxtkı prezidenti Serj Sarqsyan plenar iclasdakı çıxışını bütünlükdə qondarma erməni soyqırımı ilə bağlı mülahizələrə həsr etmişdi.

Belə olan halda Prezident İlham Əliyevin onun çıxışına cavabı özünü çox gözlətməmişdi. “Türkiyə yoxdur, mən buradayam!”-deyən Azərbaycan lideri qardaş dövlətin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidentini plenar iclasının mövzusundan tamamilə kənara çıxmaqda, qondarma “soyqırım” məsələsini qabardaraq, Türkiyəni əsas tənqid hədəfi seçməkdə ittiham etmişdi.

Bunun ardınca o, Türkiyə-Ermənistan sərhədlərinin bağlı qalmasının səbəblərini göstərmiş və rəsmi İrəvanın işğalçı olduğunu toplantı iştirakçılarına xatırlatmışdı. Prezident Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini Ermənistanın işğal etdiyini vurğulayaraq, ölkə əhalisinin etnik təmizləməyə məruz qaldığını, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası qətnamələrinin icra olunmadığını vurğulamışdı.

Azərbaycan lideri, Rəcəb Tayyib Ərdoğanın ermənilərə başsağlığı verdiyini də xatırladaraq, Türkiyə dövlətinin humanistliyinə də diqqəti cəlb etmişdi.

O zaman Azərbaycan torpaqları hələ Ermənistanın işğalı altında idi. Onda Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi də imzalanmamışdı.

Prezident İlham Əliyev İspaniyanın Qranada şəhərində 2023-cü il oktyabrın 5-də keçirilməsi planlaşdırılan beştərəfli görüşdən də Türkiyəyə görə imtina etmişdi. Onda rəsmi Bakı görüşdə Türkiyənin iştirakını təklif və israr etmişdi. Onda Fransa Ankaranın rəsmi nümayəndəsinin iştirakına qarşı çıxmışdı.

Hər iki hadisə Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə bir-birinə verdiyi dəstəyin, biri-birinin təəssübünü çəkməyinin və mövqeyini müdafiə etməyinə çoxsaylı nümunələrdəndir. Bu hər iki ölkənin qlobal səviyyədə nüfuzunun artmasına da təkan verir.

Dörd il öncə yayda Türkiyədə şiddətli meşə yanğınları zamanı Azərbaycandan gedən yanğınsöndürənlər alovla mübarizənin ön sıralarında idilər. Fəlakət zonası elan edilmiş ərazilərə Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşları ezam olunmuşdu.

Türkiyəyə bir ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici göndərilmişdi.

Ötən ilin yayında da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə göndərilmişdi.

Azərbaycan PKK başda olmaqla Türkiyənin apardığı antiterror mübarizəsini həmişə müdafiə edib, dəstəkləyib.

2020-ci ildə Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi zamanı isə qardaş Türkiyə Azərbaycandan siyasi və mənəvi dəstəyini əsirgəmədi. Dövlət başçısı həmin birliyə işarə edərək deyib: “Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”.

Azərbaycan və Türkiyə xoş günlərdə, çətin günlərdə biri-birinin yanında olmağı bir borc, vəzifə bilir. Hər iki ölkədə bu belə qəbul olunub. Prezident Rəcəb Tayyib Ərdoğan da bunu vurğulayıb: “Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var”.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsini açılışı iki ölkə qardaşlığının daha bir simvoluna çevrilir. Oranın Türkiyə vətəndaşı olan sakinləri eyni zamanda həm də Azərbaycanda yaşayacaqlar.

Prezidentlərin bu tədbirdəki səmimi çıxışları, Türkiyə və Azərbaycanın ünvanına söylədikləri xoş sözlər birliyin, müttəfiqliyin, əməkdaşlığın daha geniş miqyasda davam etdiyini göstərdi. Bu mərasimlə liderlər Azərbaycan-Türkiyə birliyini əngəlləyəcək qüvvənin olmadığını isbatlayıb. Prezidentlər – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan hər görüşdə iki dövlətin birliyini qətiyyətlə, fəxr və qürurla nümayiş etdirirlər. Kahramanmaraş da bunlar bir daha təsdiqləndi.

Regionda, xüsusən Yaxın şərqdəki gərginlik fonunda keçirilən bu mərasim Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyinin dosta dost, düşmənə düşmən ismarışı idi.

Əvvəlki məqaləQax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM
Növbəti məqalədə40 Burning Hot RTP Oranlarıyla En İyi Slot Deneyimini Yasa!