“8 Noyabr” elektrik stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”.
Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” elektrik stansiyasının açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.
“Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə, hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, həm o ölkələr, həm də təbii olaraq bizim üçün bir o qədər yaxşı olacaq”.
“Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq”, – deyə dövlətimizin başçısı əlavə edib.
“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır”.
Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.
“Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır”.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
“Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır”.
“Son 20 il biz ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
“Bu stansiya (“8 Noyabr” elektrik stansiyası – red.) bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək”.
Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.


















