“OMON dəstəsi əmilərimin evinə basqın edib, iki nəfəri öldürüb, 6 nəfəri həbs edib”.
Bunu açıqlamasında Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının qohumu Elnur Səfərov deyib.
O bildirib ki, hadisə qəfil baş verib: “Hücum olunan evlər əmilərim və onların övladlarının evləridir. OMON dəstəsi qəfil 6 evə hücum edib, əmilərim Ziyəddin Səfərov və Hüseyn Səfərovu qətlə yetirib, 6 nəfəri isə həbs ediblər.
Həbs edilənlərə xüsusi işgəncələr verilib. 4 əmimdən hələ xəbər ala bilmirik. Saxlanılan iki əmim oğlunu – Vüqar və Məhəmməd Səfərovu bu gün sərbəst buraxıblar.
Amma hazırda 4 əmim – Kamal, Məzahir, Ayaz və Zakir Səfərovlardan hələ də xəbər yoxdur. Vüqar və Məhəmmədin bədənində müxtəlif bədən xəsarətləri var. Onları xəstəxanaya apardıq, yardım etdilər. Həbs olunan qohumlarımızın hamısına xüsusi amansızlıqla işgəncələr veriblər. Hamısının bədəninə elektrik cərəyanı buraxıblar, zülm veriblər. Əmimgilə də ağır işgəncələr veriblər. Amma onlardan hələ xəbər tuta bilmirik. Hadisə nəyə görə olub, hansı səbəbdən saxlanılıblar, bizə heç bir məlumat verməyiblər”.
Qətlə yetirilən Səfərov qardaşlarının cənazələrinin Azərbaycana gətirilməsinə gəlincə isə Elnur Səfərov bildirib ki, bu barədə onlara hələ məlumat verilməyib:
“Məlumata görə, cənazələrin bizə veriləcəyi tarix sabah açıqlanacaq”.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində beş nəfər öldürülüb.
***
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi detalları məlum olub.
2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara mindirib polis idarəsinə aparıblar.
Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itirib. Daha sonra qardaşların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov da qətlə yetirilib.
Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub.
Saxlanılanlardan üç nəfər – Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdirilib.
Saxlanılanların Bakir Mehdi oğlu Səfərov (Azərbaycan vətəndaşı), Asif Möhbalı oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov, Məzahir Möhbalı oğlu Səfərov, Məhəmməd Məzahir oğlu Səfərov və Vüqar Məzahir oğlu Səfərov olduğu bildirilib.oxu.az