“Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib”.
Bineqedi.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bəzi bölgələrdə təhsil haqları fərqlidir:
“Təhsil haqqı 5 min manat olan ixtisaslar var. Bunun baha olduğunu düşünə bilərlər, ancaq səbəbləri var. Belə ki, beynəlxalq sertifikatlar, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlbedilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”.
“Peşə təhsili üzrə yeni təsnifat layihəsi hazırlanır”.
O bildirib ki, bu layihənin həyata keçirilməsi ilə artıq bir sıra yeni ixtisaslar üzrə qəbullar aparılacaq, bəziləri isə tamamilə qəbuldan çıxarılacaq.
Direktor qeyd edib ki, sənətkarlıq istiqamətində olan ixtisaslara maraq azdır.
C.Kərəmovun sözlərinə görə, bəzi ixtisaslar üzrə qəbulun dayandırılma səbəbi həmin ixtisaslara tələbatın az olması ilə əlaqədardır.
O, həmçinin vurğulayıb ki, hansı ixtisaslara qəbulun dayandırılacağı və hansı ixtisasların adlarının dəyişdiriləcəyi barədə 2026-cı ilin birinci rübündə məlumat veriləcək.
“Bu il qadınların peşə təhsilində iştirakının 40 faiz artırılması planlaşdırılır”.
O bildirib ki, 2020-ci ildən bu yana peşə təhsilinə maraq artıb:
“Tələbələrin sayı 71.5 faiz artıb. Burada qadınların iştirakında da artım müşahidə olunur. Belə ki, 2023-2024-cü tədris dilində 6 931 qadın iştirak etmişdisə, 2024-2025-ci tədris ilində 8 931 qadın iştirak edib. Bu il bu rəqəmin 40 faiz artırılması planlaşdırılır”