Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb.
Bineqedi.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
“Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrəmonitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır. Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır. 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub”, – şöbə müdiri qeyd edib.
2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
Şöbə müdiri bildirib ki, avqustun 22-də növbəti müsabiqənin keçirilməsi planlaşdırılır: “Sənəd qəbulu iyulun 29-dan avqustun 4-dək aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur. Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə Təhsil İnstitutunun saytında tanış ola bilərlər”.
Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub.
Şöbə müdiri bildirib ki, bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır: “2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır.
Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır”.