Binəqədi rayonunun Biləcəri qəsəbəsi axşamlar qaranlığa qərq olur. Qəsəbədə sadəcə marketlərin generator vasitəsilə işığı yanır.
Bineqedi.com xəbər verir ki, bu barədə İTV süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, son 15 gündür işıqlar mütəmadi olaraq söndürülür.
Vətəndaş Rəşad Kərimov bildirib ki, hər gün cəmi 3-4 saat işıq görürlər: “Nəticədə soyuducumuz, kondisionerimiz, məşiət avadanlıqlarımız yandı”.
Digər sakin Aslan Kərimlinin sözlərinə görə isə 11-12 saat işıq üzünə həsrət qalırlar: “Bu, əsasən də yay aylarında baş verir. Gecə saat 11-dən işıqlar sönür. 36 dərəcə istidə daş binada körpə uşaq saxlamaq olar?!”
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, isti hava səbəbilə elektrik xətlərində yüklənmə yaranır. Qəzalar baş verdikdə əməkdaşlar dərhal əraziyə cəlb olunur və elektrik enerjisinin verilişi bərpa edilir. Hazırda paytaxt və regionlarda müvafiq gücləndirilmə işləri davam etdirilir.
Daha ətraflı videomaterialda: