Prezident: “Ortaq mənəvi dəyərlər Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir”

0
9132

“Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir”.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

“Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir”.

“İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

“Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxıb”.

“Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Əvvəlki məqaləSinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi
Növbəti məqalədəBakıda daha bir ərazidə böyük söküntü olacaq – ÜNVAN – FOTO