“Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək açıla bilər” – Prezident

0
9113

“Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”.

Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib.

“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”, – dövlət başçısı qeyd edib.

“Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb”.

“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”, – dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.

***

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, – İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edib.

“Torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik və buna görə Sizə çox minnətdarıq”.

***

Dövlət başçısı həmçinin bildirib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir.

“Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir”, – Prezident əlavə edib.

***

İlham Əliyev qeyd edib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır.

“Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”, – Prezident bildirib.

Əvvəlki məqaləSürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib
Növbəti məqalədə“AZAL təyyarəsi haqqında hesabat yeni ildən sonra təqdim ediləcək” – Qazaxıstan rəsmisindən AÇIQLAMA