“Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir”.
Bineqedi.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.
“2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”, – İlham Əliyev əlavə edib.
“Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm”.
Prezident qeyd edib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub: “Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik”.
“Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir”.
Dövlət başçısı bildirib ki, ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir: “Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.
Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam.
Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Əminəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq”.

















