Müxtəlif illərdə hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyəti yenidən yoxlanılır.
Bineqedi.com report-a istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı deyib.
O bildirib ki, son bir il ərzində müxtəlif dövrlər üzrə hərbi xidmət çağırışla bağlı müəyyən xəstəliklərlə bağlı möhlət hüququ alan şəxslər arasında təkrar yoxlanışdan sonra səhhətində ciddi problem aşkarlanmayanlar hərbi xidmətə cəlb olunur.
***
“Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırış yaşı 18-30 aralığında müəyyən olunub. Bu o deməkdir ki, çağırış ayına qədər vətəndaşın 30 yaşı tamam olubsa, o, hərbi xidmətə cəlb olunmur. Qeyd edək ki, əvvəl bu yaş həddi 35 idi”.
Bu sözləri oxu.az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyətinin yenidən yoxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən çağırışçının yararsızlıqla bağlı yekun tibbi müayinəsi zamanı xəstəlik təsdiqlənərsə, həmin şəxsə xəstəliklər cədvəlinin müvafiq bəndinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətdən möhlət verilir:
“Bu qərar xüsusi xəstəliklər cədvəlinə əsasən qəbul edilir. Möhlət müddəti maksimum 3 il müddətə müəyyən oluna bilər. Lakin bu müddət şəxsin səhhətinə və konkret diaqnozuna əsasən dəyişə bilir”.

















