“Dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxslərin sayını biz yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Biz göstəririk ki, bəlli kateqoriya insanların hamısı – uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. İlk dəfə olaraq qanunda göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq”.
Bineqedi.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub. Bu, təxminən 7.3-7.5 milyon insanımızın sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzdlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə bağlı tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər”, – nazir bildirib.
***
Nazir əlavə edib ki, qeyri-formal fəaliyyət göstərmək qanunla qadağandır: “Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilməsi meyarları nədir? Xüsusi qaydalar olacaq, onların müəyyən edilməsi qaydaları elektron şəkildə aparılacaq. Fərdiləşmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. Kateqoriyada olmayan insandan isə gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Şərait yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti müsbət və güzəştli bir addımdır”.
Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
“Müddətli vergi güzəşti 1 yanvarda bitirdi. Nə baş verəcəkdi? 2500 manata qədər aylıq gəliri olan şəxslər 14%, 2500 manatdan yüksək gəliri olanlar isə 25% gəlir vergisi ilə vergiyə cəlb olunacaqdı”.
“Lakin Azərbaycan hökuməti özəl sektorun, xüsusilə qeyri-neft sahəsinin inkişafını nəzərə alaraq, yeni güzəştli rejim təqdim edir. Artıq güzəştli rejim olaraq yox, daimi rejim olaraq bu dərəcələri 50% aşağı salırıq. Yəni 14%-lik rejimi 7%-ə salırıq. Bundan əlavə, bu keçid mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildə əhalinin böyük əksəriyyətini əhatə edən aylıq gəliri 2500 manata qədər olan işçilərin ödəyəcəyi vergi 3% olacaq. Mən deputatlar, ekspertlərə çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə gəlir vergisi 3% olan ölkə tapırlarsa, qeyd etsinlər. Bunun özü də çox böyük güzəştdir”, – deyə nazir qeyd edib.
***
Sahil Babayev əlavə edib ki, neft qiyməti cari il üçün 70 dollar müəyyən edilmişdi: “10 ayın göstəricilərinə əsasən deyə bilərəm ki, təqribən orta rəqəm 72 dolların üzərindədir. Növbəti il üçün isə orta göstərici 65 dollar olaraq müəyyən olunub. Bu rəqəm müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən proqnozlar əsasında formalaşıb”.

















