Prezident Fərman imzaladı

0
9108
prezident-serencam-ilham-eliyev

Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Bineqedi.com xəbər verir ki, Fərmana əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi məqsədilə “Bir pəncərə” informasiya sistemi yaradılacaq.

Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sistem vasitəsilə aşağıdakılar təmin edilir:

– tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;

– nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;

– sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;

– yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;

– daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;

– ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;

Sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operatoru funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) həyata keçirir.

Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında ölkənin normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.

Nazirlər Kabineti 9 ay müddətində Sistemin əsasnaməsinin layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, beynəlxalq təcrübəni nəzərə almaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, RİNN və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

RİNN Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməli, Sistemin Prezidentin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etməlidir.

RİNN ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

***

Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Əvvəlki məqaləAmnistiya kimlərə şamil olunacaq?
Növbəti məqalədə“Saxta və qeyri-orijinal ehtiyat hissələri qəzalara səbəb ola bilər” – DYP-dən AÇIQLAMA