Bayram ərəfəsində Tərtər sakinləri rayon avtovağzalında Bakıya gəlmək üçün bilet tapa bilmədiklərindən şikayət etmişdi.
Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaşlar avtobuslarda kifayət qədər yer olmasına baxmayaraq, onlara bilet satılmamasından gileylənmişdi.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, problemi bilet alveri ilə məşğul olan bəzi şəxslər yaradır: “Belə ki, işbazlar biletləri qabaqcadan kassadan sistem vasitəsilə alır və vətəndaş onlayn sistemə daxil olarkən biletlərin satıldığını görür. Sonradan həmin biletlər şəxslər tərəfindən kassadan dəyərindən artıq qiymətə təqdim olunur. Satışı tam olaraq reallaşdırmaq mümkün olmadıqda, artıq qalan biletlər sistem vasitəsilə qaytarılır. Nəticədə avtobuslarda yer olduğu halda onlayn qaydada bilet almaq istəyən vətəndaş biletsiz qalır.
Bəzi hallarda onlayn satışın əhatə dairəsinin genişənməsinə ciddi müqavimət göstərilir və maneələr yaradılır. Aparılan davamlı təhlillər və araşdırmalar nəticəsində məlum olub ki, bir avtovağzalda təkcə son 3 ayda kassadan öncədən alınan biletlərin 80%-i səbəbsiz olaraq geri qaytarılıb. Bilet satışına edilən bu cür müdaxilələr vətəndaşların rahat gediş-gəlişinə və onlayn satışın genişlənməsinə əngəl yaradır.
Sözügedən avtovağzal nümayəndələrinə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər əməllərindən əl çəkməyiblər. Xoşagəlməz halın aradan qaldırılması məqsədilə intizamsız avtovağzala qarşı tədbir görülüb. AYNA vətəndaşları bu kimi hallarla qarşılaşdıqda “141” Çağrı Mərkəzinə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır”.
Agentlikdən həmçinin qeyd edilib ki, bayram günlərində (29 dekabr-4 yanvar) paytaxtdan bölgələrə, eyni zamanda region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90 000 sərnişin daşınıb: “Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib. Sərnişinlərin 50%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir”.

















