Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası (YAP) bu gün regionun ən güclü siyasi partiyalarından birinə çevrilib. YAP ölkənin mürəkkəb ictimai-siyasi dövründə xalqın iradəsi və əzmi ilə yaradılıb. Partiya ölkədə ictimai-siyasi sabitliyin bərpasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynayıb.
Bineqedi.com xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarından güc alan 33 il – Bir qərinəlik yol” adlı tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev deyib.
E.Allahverdiyev qeyd edib ki, bu böyük təşkilatın ayrılmaz hissəsi olan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı da 33 il ərzində fəal mövqeyi ilə üzərinə düşən missiyanı layiqincə yerinə yetirib və YAP-ın strateji xəttinə uyğun fəaliyyətini davam etdirib.
“Bu gün YAP Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi xəttinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır və ölkənin siyasi həyatında mühüm dayaq funksiyasını yerinə yetirir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsindəki Zəfər yeni reallıqlar yaradıb, ölkəmiz üçün geniş imkanlar açıb”, – deyə E.Allahverdiyev vurğulayıb.

















