Azərbaycan Prezidenti: “Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər”

0
9881

“Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər”.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

Dövlətimizin başçısı qeyd edib ki, dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır.

“Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir”.

Dövlətimizin başçısı qeyd edib ki, Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

“Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir”.

Dövlətimizin başçısı qeyd edib ki, ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

Əvvəlki məqaləTələbələr bu tarixlərdə distant oxuyacaq