Ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun 10-dan sonra başlanılması planlaşdırılır.
Bineqedi.com report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaxın üç gün ərzində imtahanlarla bağlı apellyasiya müraciətləri qəbul ediləcək:
“Daha sonra müraciətlər emal olunacaq. Paralel olaraq qabiliyyət imtahanları davam edəcək. Əksər qabiliyyət imtahanları yaxın üç gündə yekunlaşacaq. Lakin idman istiqaməti üzrə qabiliyyət imtahanları avqustun 7-dək davam edəcək və həmin tarixdə tam başa çatacaq. Bundan sonra əsas mərhələ olan ixtisas seçimi prosesi başlayacaq”.
DİM rəsmisi əlavə edib ki, müsabiqə vəziyyətini düzgün qiymətləndirmək üçün ilk növbədə bal paylanması haqqında məlumatın olması vacibdir:
“Yəni məlum olmalıdır ki, hansı bal intervalında neçə nəfər abituriyent var, plan yerlərinin sayı nə qədərdir və müsabiqə hansı səviyyədə formalaşır. Bu məlumatlar avqust ayının əvvəlində nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü nömrəsində, həmçinin apellyasiya və qabiliyyət imtahanlarının nəticələri tam yekunlaşdıqdan sonra təqdim ediləcək broşuralarda yer alacaq. Həmin broşuralarda bal intervalları üzrə abituriyentlərin sayı və plan yerlərinin bölgüsü göstəriləcək. Bu məlumatlar əsasında abituriyentlər hansı bal intervalında nə qədər rəqabət olduğunu daha aydın görə biləcəklər. Nəticədə abituriyentlər öz topladıqları bala uyğun ixtisasları daha düzgün qiymətləndirərək, ixtisas seçimini daha rahat və daha düşünülmüş şəkildə həyata keçirə biləcəklər”.

















