27 Sentyabr-Anım Günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açıldı, ruhlarına dualar oxundu.
Bineqedi.com xəbər verir ki, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısı yanında Sahə və Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, idarə və təşkilatların, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə – şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Ehsan süfrəsində Müqəddəs Qurani-Kərimdən ayələr oxundu. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

















