Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə də dəyişikliklə bağlı məsələyə münasibət bildirib.
Bineqedi.com xəbər verir ki, o bu barədə APA-ya müsahibəsində danışıb.
“İlk növbədə, bu məsələyə yalnız geyim qaydaları çərçivəsində yanaşmağı düzgün hesab etmirik. Burada söhbət məktəbdə formalaşdırmaq istədiyimiz sosial bərabərliyə əsaslanan təhsil mühitindən, təhsilverənlər və təhsilalanlar arasında qarşılıqlı hörmət və bərabərliyin təmin olunmasından gedir. Şagird sinfə daxil olanda özünü hansısa ailənin maddi imkanlarına, valideyninin dünyagörüşünə və ya başqasının geyiminə görə fərqləndirilən bir şəxs kimi deyil, eyni məktəb icmasının ləyaqətli bir üzvü kimi hiss etməlidir.
Qeyd edilməlidir ki, bu qərarlar yeni yanaşmanın sıfırdan formalaşdırılması demək deyil. Şagirdlərin geyim formalarının təsvirləri əvvəlki dövrdə də normativ qaydada müəyyən edilmişdi. Son dəyişikliklər tələblərin daha aydın və birmənalı şəkildə tətbiqinə, məktəbli formasının vahidliyini pozan əlavə elementlərlə bağlı mümkün müxtəlifliyin aradan qaldırılmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, təhsil sistemimiz dünyəvi xarakter daşıyır. Qaydalar da bu prinsipləri özündə ehtiva edir”, – F.Qurbanov vurğulayıb.
Nazir müavini əlavə edib ki, təhsilverənlərin geyiminə dair ayrıca tələblərin təsdiq olunması isə müəllimin məktəbdə təkcə bilik verən deyil, həm də şəxsi davranışı, ünsiyyəti və geyim mədəniyyəti ilə nümunə olan şəxsiyyət kimi rolunu nəzərə alır: “Vahid yanaşmaya uyğun geyim məktəb daxilində nizam-intizamın güclənməsinə xidmət edir, müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir.
İddia olunduğu kimi, bu Qaydalar müəllimlərin vahid uniformadan istifadə etməsi ilə bağlı deyil, halbuki ictimaiyyətdə bu mövzu ilə bağlı vətəndaşlarda çaşqınlıq yaratma cəhdləri var idi. Bilirsiniz, bu gün məktəbdə çalışan hər bir insan təkcə şagirdlər üçün deyil, davranışı və həmçinin zahiri görünüşü ilə bütün cəmiyyət üçün bir örnək rolu oynamalıdır. Çünki məktəb təhsil müəssisəsi olmaqla yanaşı, həm də tərbiyə məkanıdır”.
“Mövcud geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər”.
“Lakin bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər”, – F.Qurbanov əlavə edib.












