7-ci mikrorayon ərazisində yerləşən “Binəqədi Gənclər Evi” Sosial-Xidmət Müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, yaşadıqları ərazidə binanın dam örtüyünün təmir edilməsini, kanalizasiya xəttində, istilik təchizatında mövcud problemlərin aradan qaldırılmasını, binanın həyətinin işıqlandırılmasını xahiş ediblər.
RİH başçısı bildirib ki, rayonun digər ərazilərində olduğu kimi, mikrorayonlarda da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruru tədbirlər həyata keçirilir. Növbəti illərdə qalan ərazilərdə də abad məhəllələrin salınması, binaların liftlərində mövcud problemlərin aradan qaldırılması istiqamətində əməli işlər görüləcək.
Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.