27 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ildəki fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şura iclasını açaraq, iclasın gündəliyini elan edib.
2019-cu ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Elxan Allahverdiyev “Nəsimi ili” kimi qeyd edilən 2019-cu ili uğurlu bir il kimi səciyyələndirərək ölkə Prezidentinin siyasi iradəsi sayəsində Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, qarşıya qoyulan bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini bildirib. RİH başçısı həmçinin, Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2019-cu il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu qeyd edib.
Belə ki, sənaye sahəsində 412 mln 527 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz daha çox sənaye məhsulu istehsal edildiyinin göstəricisidir.
2019-cu ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 85 mln 515 min manat, rabitə müəssisələri tərəfindən isə 7 mln 450 min manat həcmində xidmət göstərilib. Bu isə ötən dövrlə müqayisədə nəqliyyat sektorunda 13 faiz, rabitə sektorunda isə 7,4 faiz artım deməkdir.
Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 mlrd 639 mln 872 min manatlıq istehlak malları satılıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1,4 faiz artım deməkdir.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 54 mln 635 min manat əsas fondlar istifadəyə verilib.
Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 119 mln 933 min manat məbləğində vəsait yönəldilib.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 44,6 faiz artaraq 742 mln 685 min manat təşkil edib. 2019-cu ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 8,9 faizi dövlət müəssisələrinin payına düşüb.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 12,2 faiz artaraq 52767 nəfər olub.
2019-cu ilin yanvar-dekabr ayları ərzində, Binəqədi rayonunda 8760 yeni iş yeri açılıb, orta aylıq nominal əmək haqqı 512,1 manata çatıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artım deməkdir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə Rayon Məşğulluq Mərkəzinə 9127 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan da 6134 nəfəri işaxtaran kimi qeydiyyata alınıb, 2998 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə daimi işlə təmin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hesabat ilində rayon ərazisində 7 abad məhəllə salınıb, 141 saylı körpələr evi-uşaq bağçası Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir edilib, 1 peşə təhsil mərkəzi və 300 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.
Rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Hesabat dövrü ərzində abadlıq-quruculuq işləri ilə bərabər, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olub.
Daha sonra hesabat yığıncağında RİH başçısının müavini Aygün Əliyeva ölkədə könüllülər üçün yaradılmış şərait və əldə olunan nailliyyətlər barədə, Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Niyaz Niftiyev və “Akabe” MMC-nin direktoru Səməd Hacıyev hesabat məruzələri ilə çıxış etiblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev Azərbaycan Respublikasının 2019-cu ildəki sosial-iqtisadi inkişafının nəticələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurub.
Şura iclasının qərar layihəsinin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi olub.
Sonra Prezident cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət oxunub.
Yığıncağın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edərək, 2020-ci ildə də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layiqli və uğurlu siyasət nəticəsində nailiyyətlərin daha çox olacağını vurğulayıb.