Azərbaycanda şəhid ailələri və yaralılarla bağlı fond yaradıldı – Vətəndaşlar da vəsait köçürə bilərlər

0
46
prezident-serencam-ilham-eliyev

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqda fərman imzalayıb. 

Bineqedi.info xəbər verir ki, Fondun vəsaiti müxtəlif mənbələr hesabına formalaşdırılır. Bunlar fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr); qanunla qadağan olunmayan digər mənbələr ola bilər.

Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır. Vəsait Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:

– onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;

– SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;

-bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;

– terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;

– qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.

Dekabrın 8-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “YAŞAT” Fondunun yaradılması ilə bağlı mətbuat konfransı keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası haqqında danışıb. Qeyd edilib ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.

“YAŞAT” Fonduna ianə edən hər bir şəxsin bu platformada xüsusi kabineti yaradılacaq. Hər bir şəxs o kabinet vasitəsilə ödədiyi vəsaitin necə xərcləndiyini müşahidə edəcək. Biz bütün şəhid və yaralı hərbçi ailələrinin ehtiyaclarını müəyyənləşdirəcəyik və ianələr hesabına onların ehtiyacları qarşılanacaq. Bu fond yardımsevərlərin fondudur”, – deyə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“YAŞAT” Fondunun bank rekvizitləri:

Azərbaycan  daxilində ianələr üçün Manat hesabı: AZ76IBAZ38090019447968925204

Xaricdən göndərilən ianələr üçün:

USD hesabı:        AZ66IBAZ38190018407968925204

EURO hesabı:     AZ46IBAZ38190019787968925204

Rubl hesabı:        AZ83IBAZ38190018107968925204

 

 

Bineqedi.info

Əvvəlki məqaləAzərbaycanda hərbi vəziyyət ləğv olunur
Növbəti məqalədəBinəqədidə qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı