Ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da intensiv və təxirəsalınmaz işlərə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri, Bələdiyyələr, məktəbəqədər təhsil müəssisələri, rayon ərazisində fəaliyyət göstərən özəl müəssiələr və iaşə obyektləri həmçinin Mənzil-Kommunal Təsərrüfat birliyinin bütün canlı qüvvəsi cəlb edilib.
Bineqedi.info saytı İcra Hakimiyyətinə istinadən xəbər verir ki, abadlıq – təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır. Hərəkətə maneçilik törədən yol kənarında olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır. Həmçinin ərazidə olan bütün ağaclar suvarılır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilir. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanır, gövdəsi ağardılır, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilir.
Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir. Bununla yanaşı dezinfeksiya işləri aparılır.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.