Binəqədili şəhid Tural Qarayevin şərəfli ömür yolu…

0
7552
tural-qarayev-bineqedi
Tural Şahin oğlu Qarayev 1991-ci il aprel ayının 29-da Bakının Binəqədi rayonunun 28 May qəsəbəsində anadan olub.
1997-ci ildə Bakı şəhəri 274 saylı tam orta məktəbin I-ci sinifinə qəbul olmuşdur. 2008-ci ildə məktəbi bitirdikdən sonra çox qısa bir müddət çalışıb və 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Bir müddət xidmət etdikdən sonra Gürcüstanda “NATO”nun Sülhməramlı kontingentinə qatılmış və xidmətini orada davam etmişdir. Sonrakı aylarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün keçirilən testlərdə iştirak etmiş və qəbul olunmuşdur. Xidməti müddət ərzində keçirilən təlimlərdə layiqincə borcunu yerinə yetirmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks hücum əməliyyatı məqsədi ilə başlamış Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Tural Qarayev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bəklə kəndində böyük xalq izdihamı ilə dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər əməkdaşlar şəhidimiz Tural Şahin oğlu Qarayevin doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.
Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı yazır – MƏQALƏ
Növbəti məqalədəBayram günlərində sərt karantin gözlənilmir