“Şuşanın bərpası, dirçəlişi hamımızın işidir”

0
54

Yeni Azərbaycan Partiyasının Binəqədi və Şuşa rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Şuşanın bərpası, dirçəlişi hamımızın işidir” adlı videokonfrans formatında tədbir keçirildi.

Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə YAP Binəqədi və Şuşa rayon təşkilatlarının rəhbərliyi, aparatın əməkdaşları və fəalları, Binəqədi və Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir başlamadan öncə torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhidlərimizə yüksək ehtiram ifadə olundu. Daha sonra Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi sözlərini əks etdirən videoçarx təqdim edildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğuladı ki, Şuşa Azərbaycan üçün tarixdir, milli qürurdur, milli mənlikdir, mədəniyyətdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra tariximizin də, milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi idi.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın konservatoriyası hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin və qətiyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynadı və böyük əhəmiyyət kəsb edir. Bu gün isə azad Şuşada quruculu, abadlıq işləri sürətlə gedir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi hər bir vətənpərvər azərbaycanlı bu prosesə fəal şəkildə qoşulmalı və Şuşanın dirçəldilməsində yaxından iştirak etməlidir.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxışında vurğuladı ki, Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 8-da erməni ordusu tərəfindən, həm də xayanət nəticəsində işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi.

Şuşa rayonu 6 nömrəli orta məktəbin direktoru, ərazi təşkilatının sədri Naimə Əliyeva tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak etdiyini və oradakı təəssüratlarını bölüşdü. Festivalın onun həyatında ən unudulmaz anlardan biri olduğunu qeyd etdi. Əslən şuşalı olan və 28 illik işğaldan sonra ilk dəfə Şuşaya qədəm basan əməkdar artist bu qürurun onun üçün misli görülməmiş xoşbəxtlik olduğunu bildirdi. Hətta Şuşada olarkən doğma evlərinə baş çəkdiyini, bununla da erməni vandalizminin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün nə qədər təhlükəli və dəhşətli nəticələrə səbəb olduğunu qəddar düşmənə böyük nifrət hissi ilə vurğuladı.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev nitq söyləyərək qeyd etdi ki, tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ərtafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyət paytaxtımızda – Şuşada dalğalanması hər birimizi qürurlandırır. Görünən odur ki, biz haqq işimiz uğrunda illərdir apardığımız ədalətli mübarizəni döyüş meydanında uğurla davam etdirdik. İlk növbədə qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur.

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət bildirdi ki, Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. O, həmçinin Şuşa rayon məktəbləri ilə əməkdaşlığın və birgə layihələrin icra olunmasının əhəmiyyətini bildirərək təşəbbüslə çıxış etdi. Təşəbbüs YAP Şuşa rayon təşkilatı və tədbirdə iştirak edən Şuşa rayonunun təhsil ictimaiyyəti tərəfindən müsbət qarşılandı.

Binəqədi rayonu 26 saylı 11 illik musiqi məktəbinin Şuşada keçirilən “Xarıbülbül” Musiqi festivalında iştirak edən nümayəndəsi Kamal Hüseynov isə Şuşada keçirilən və çox böyük tarixi, mədəni əhəmiyyəti olan “Xarıbülbül” musiqi festivalı ilə bağlı təəssüratlarını bölüşdü. Bu qüruru və secinci yaşadığı üçün Ali Baş Komandan başda olmaqla qüdrətli Azərbaycan Ordusuna və xalqımıza minnətdarlıq etdi. Musiqi festivalının ölkəmizin tarixində misilsiz izlər buraxdığını diqqətə çatdırdı.

Tədbirin bədii hissəsində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 8 e sinif şagirdi Nuray Namazlı vətənpərvərlik mövzusunda şeir səsləndirdi.

Sonda yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Şuşanın azadlığının hər bir azərbaycanlı üçün əsl bayram olduğunu bildirərək, bizə bu sevinci yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzuladı.

Əvvəlki məqaləAzərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçdi – VİDEO
Növbəti məqalədəUşaq futbol məktəbi, uşaq futbolu – детский футбол футбольная школа – Çocuk futbolu – Kids in football