Binəqədinin qəhrəman oğlu – şəhid Ağayev Ramiz İmamverdi oğlu

0
74

Ağayev Ramiz İmamverdi oğlu 25 iyul 1993-cu ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 1999-cu ildə Binəqədi rayonu Biləcəri qəsəbəsinin 301 saylı tam orta məktəbdə təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanır və valideynlərinə bu işə böyük sevgisinin yarandığını deyir.

Bundan sonra validynlərinin də dəstəyi ilə sənədlərini Daxili Qoşunların komandanlığına təqdim edir. Xidmətinin ilk illərindən kollektivin rəğbətini qazanır. Hərbçi kimi daim təlimlərdə iştirak edir, müxtəlif mükafatlara layiq görülür.
Xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində, qalan 3 ilini isə bölgələrdə yerləşən hərbi hissələrində keçirir. Seçdiyi peşənin çətinliyinə baxmayaraq işi ilə fəsxr edirdi. Daxili Qoşunlarının çavuşu olan Ramiz Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmək üçün düşünmədən döyüşlərə qatılır. İlk döyüşünü Murov dağında balşayan Ramiz daha sonra Füzuli uğrunda gedən ağır döyüşlərə qatılır. Döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edən Ramiz boğaz və çiyin nahiyəsindən yaralanır. Yaralı olduğuna baxmayaraq Ramiz döyüş yoldaşlarını tək buraxmır, onlarla birlikdə irəliləyir. Lakin yaraları ağır olduğundan onu hospitala yerləşdirirlər. Bir müddət burada müalicə alan Ramiz yenidən döyüşlərə qayıtmağını bildirir. Lakin ona burada qalıb yaralarının tam sağalmasını bildirirlər. Bütün təhkidlərə baxmayaraq Ramiz dostlarının və şəhid yoldaşlarının qisasını almaq və ən əsası işğal altında olan torpaqlarımızı azad etmək üçün təkrar döyüşlərə qatılır. Ramiz Şuşa uğrunda gedən döyüşlərə qatılır və noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalır.
General olmaq arzusuna çata bilməsə də, döyüşlərdə göstərdiyi şücaəti, qoçaqlığı ilə şəhadət zirvəsinə yüksələn xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Atası İmamverdi Ağayev : “Ramizin ən böyük arzusu general olmaq idi: Bir dəfə dedi ki, mən general olacağam. Dedim, axı sən oxumamısan, necə ola bilər? Dedi, yox, olacağam” Ramiz mənim böyük oğlumdan çox fərqli idi. Dünya görüşü, biliyi, savadı ilə daima fərqlənirdi. Hər hansısa çətin bir məsələni elə asanlıqla başa sala bilirdi ki, onu anlamamaq qeyri mümkün idi. Hərbi xidmətdən sonra hərbidə qalmağını mənə bildirdi, bura artıq öyrəşdiyini dedi. Məndə ona ürəyin necə istəyir elə də elə dedim və beləliklə o, hərbiçi olmağa qərar verdi. Xidməti dövründə ağır təlimlərdə iştirak edirdi. Daima öz silahdaşlarından fərqlənirdi. Çalışırdı ki, hər yerdə birinci olsun. Bizlə danışanda heç vaxt heç nədən narazı olduğunu bildirmirdi, əksinə hər şeyin yaxşı olduğunu deyirdi. Bizi onun yanına gəlməyə çox vaxtı qoymurdu. Narahat olmayın, burda hər şey qaydasındadır deyirdi. Son dəfə noyabrın 7-si bizimlə danışdı. Hər şeyin yaxşı olmasını, ondan narahat olmamağımızı dedi. Lakinbu zəngin sıradan bir zəng olmadığını sanki hiss elədim. Və bir müddət keçəndən sonra şəhid xəbəri gəldi. Mən fəxr edirəm ki, oğlum Vətən üçün şəhid olub, bizim başımızı uca edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən oğlumla fəxr edirəm. “
Müəlliməsi Səfurə Mirzəyeva: “Ramiz bizim məktəbimizin fəxridi. O həmişə öz nümunəvi davranışları ilə, böyüklə böyük, kiçik ilə kiçik kimi davrandığına görə daima digər şagirdlərdən seçilirdi. Həmişə aktiv, çalışqan olub. Ramizin içində sanki təlatüm var imiş, o təlatümün, o fırtınanın üzə çıxması üçün bir an lazım imiş.”
Dayısı Asəf Fərzəliyev: “Suqovuşandan zəng elədi danışdıq, dedim yaralısan evə get, atan, anan səni gözləyirlər. Mənə qayıtdı dedi ki, sənin neçə yaşın var dedim 60, dedi sən hardasan?, dedim Suqovuşanda, dedi ki, bəs mən niyə qayıdım ki? Mənim 27 yaşım var mən niyə evə qayıtmalıyam ki, dayı? Dedim yenədə özün fikirləş, dedi yox mənim yerim səngərdə yoldaşlarımın yanındadır. Ramiz canını bizim üçün fəda edib. Qanını bu torpağın azadlığı uğrunda axıdıb. Ramizin ruhu indi sakitlik tapıb. Vətəninin başı üstündən artıq qara buludlar çəkilib.”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin fəal gəncləri şəhidimiz Ramiz Ağayevin doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Əvvəlki məqaləPrecisely what is the Best Worldwide Dating Site?
Növbəti məqalədə“Azərsu” Binəqədidə yeni layihənin icrasına başladı – Fotolar